Proqramlaşdırmanı özüm öyrənə bilərəm?


  • 4 il əvvəl
  • 4064

Proqramçı olmağı düşünürsənsə bəzi xüsusiyyətlərin olması mütləqdir.

  • “Eşşək” kimi işləmə qabiliyyəti (Bu xüsusiyyətin yoxdursa onu qazanmaq üçün yollar axtar)
  • Sürətli öyrənmə qabiliyyəti (Sən bir texnologiya haqqında kitab oxumağa başlayıb bitirənə qədər artıq o texnologiyanın köhnəlmiş olma ehtimalı çox yüksəkdir. Buna görə sürət əhəmiyyətlidir.)

Bir proqramçı bütün iş həyatı ilə yanaşı eyni miqdarda öyrənməyə vaxt ayırır. Öyrənmə prosesində iki kategoriya var

  • Yeni başlayan birinin öyrənmə prosesi
  • Müəyyən səviyyəyə gəlmiş birinin öyrənmə prosesi.

Yeni başlayan birinin öyrənmə prosesi

Başlamaq istəyirsən, hər şeydən əminsən.Sahə çox maraqlı gəlir, vaxt ayırmağı qəbul etmisən (vaxtını qurban verməyi qəbul etmək böyük cəsarətdir). Öyrənməyə necə hardan başlayacağın məsələsi beynini qurdalıyır və çox qərarsız qalırsan. Azərbaycanda olduğum son illərdə yeni başlayanların ən çox qərarsız qaldığı mövzulardan biri budur. Qarşında iki seçim var

  1. Özün internetden başlayacaqsan öyrənməyə (Online)
  2. Universitetə ya da bir kursa yazılacaqsan (Offline)

Bu iki seçimin müsbət və mənfi yönləri var. Qərar verəndə bunlara görə qərar vermək lazımdır.

1. Özün internetden başlayacaqsan öyrənməyə (Online)

Müsbət yönləri

  • Qaynaq seçimi sənə aiddir
  • İstəmədiyin bir texnologiyanı nəyinsə xatirinə öyrənmək məcburiyyətində qalmırsan
  • Zaman baxımından sərbəstsən istənilən vaxtda öyrənə bilərsən.
  • Əyər öyrənmə sürətin yaxşıdırsa kurs yoldaşın ya da sinif yoldaşının zəif sürəti sənin vaxtını itirmir.
  • Maddi olaraq çox sərfəlidir. Heç xərcin çıxmaya bilər
  • Araşdırma qabiliyyətin çox inkişaf edəcək və Google-un əslində necə böyük nemət olduğunu qavracaqsan.

Mənfi yönləri

  • Çox ciddi məsuliyyət tələb edir. Əyər kinoya getmək ya da gəzmək səni asanlıqla öyrənməni yarıda qoymağına səbəb olursa nəticə olmaz. Planlı biri deyilsənsə öyrənmə prosesin ya çox uzun çəkəcək ya da yarım qalacaq.
  • Düzgün mənbə və düzgün istiqamət seçimində çətinlik çəkəcəksən. Bəzən bir texnologiyanı öyrəndikdən sonra başa düşəcəksən ki əslində sənə lazım olan bu deyilmiş.
  • Qarşına çıxan problemlərin həllinə çox vaxtını sərf edəcəksən. Bəzən bir xırda səhvə görə saatların bəlkə də günlərin gedəcək
  • İngilis dilini bilmirsənsə (Azərbaycanda olanlar ən azından Rus dilini) tisbağa sürəti ilə hərəkət edəcəksən.
  • Azərbaycanda şirkətlərin bəziləri təəssüf ki beyninizdə olanlardan çox kağız üstündə nəyiniz varsa ona əhəmiyyət verir (Diplom, sertifikat)
  • Müəyyən faiz ailələrdə sənin öyrənə biləcəyin ciddiyə alınmayacaq və “Boş boş işlərlə məşqul olan ” biri olma riskin var. Ailə qohum qardaş təzyiqi ciddi riskdir Azərbaycanda

2. Universitetə ya da bir kursa yazılacaqsan (Offline)

Müsbət yönləri

  • Səndən çox daha təcrübəli və sənin keçəcəyin yolları keçmiş biri sənin səhvini çox asanlıqla görüb onu aradan qaldıraraq sənə zaman qazandıracaq.
  • Müəyyən bir rejimin olacaq. Bəzən həvəsin olmadığı anlarda başda söz verdiyin rejim sənin öyrənməyində yarana biləcək qırılmanın qarşısını alacaq.
  • Proqramlaşdırmada müzakirə əhəmiyyətlidir. Səninlə eyni hədəfə sahib olan insanlarla eyni mühitdə olmağın öyrənmə sürətinə çox ciddi müsbət təsiri var.
  • Sinif ya da qrup yoldaşının məsələlərə baxış tərzi səndə yeni ideyalar yarada bilər.
  • Azərbaycanda iş tapmaq məsələsində “kruq” çox əhəmiyyətlidir. Universitet ya da kurs sənə bu mənada ciddi təkan verəcək.
  • Qrupla birlikdə hərəkət etdiyin üçün boş vaxtlarını məhlədəki dostun ya da rəfiqən yerinə səninlə eyni istiqamətdə gedən insanlarla əylənəcəksən və bu bəzən daha əyləncəli ola bilir.
  • Bir yerə aid olma duyğusu yaranacaq. “Neynirsən?” sualına “X unisində ya da Y kursuna gedirəm” deyə biləcəksən
  • Ailəni və şirkətlərin arzusunda olduğu kağız parçasını verə biləcəksən. Bu da səni özünü uzun uzadı izah etmə əziyyətindən qurtaracaq.
  • Öyrənə bilməyəndə günahı ata biləcəyin qurum olacaq əlində “Mən öyrənirdim onlar öyrədə bilmir” deyə biləcəksən rahatlıqla

Mənfi yönləri

  • Maddi olaraq ciddi məbləğlər tələb oluna bilər
  • Bütün öyrədilənlər sənə lazım olmaya bilər. “Mənim bu məlumat nəyimə lazımdır” deyəcəyin mövzular olacaq.
  • Azərbaycanda keyfiyyətli təlimçi və müəllim nadir tapıntı olduğu üçün düzgün mühitə düşməyin asan deyil.
  • Müəyyən vaxt hər şeyi müəllim ya da təlimçidən gözləməyə alışma ehtimalın var. Bu halda universitet ya da kurs bitdikdən sonra sudan çıxan balıq kimi davranma ehtimalın var. Daimi kiminsə sənə nəyisə öyrədməli olduğu kimi səhv alışqanlıq yarana bilər.
  • Dərsə ya da təlimə nəyisə öyrənmək və suallarla gəlmirsənsə “Ne anlatacak bakalım bu düdük makarnası” niyəti ilə gəldiyin üçün dərsin sənə heç bir faydası olmayacaq.
  • Proqramlaşdırma çox sürətlə dəyişən tempə sahibdir. Universitetin və kursun sənə ən son texnologiyanı öyrədmə şansı xeyli aşağıdır.
  • Universitet ya da kurs bitdikdən sonra səndən gözlənən nəticə heç də aşağı olmayacaq ailən və ətrafından. Diplomu aldığın gündən sən artıq “praqramistsən” və hər şeyi edəbiləcək qabiliyyətin olduğuna inanılacaq və bu səndə ciddi təzyiq yaradacaq.

Bir az da artırmaq olar bütün bu müsbət mənfiləri amma ən əhəmiyyətli gördüklərim bunlardır. Öz qabiliyyət və xarakterinə görə bunlardan birini ya da ikisi eyni anda edə bilərsən.

Bura qədər olan hissə tamamən yeni başlayan biri üçündür.

Müəyyən səviyyəyə gəlmiş birinin öyrənmə prosesi” üçün müəyyən bir yol yoxdur amma başqa bir məqalədə öyrənmə sürətinin artırılması üçün yoxlanılmış və faydalı üsullar haqqında yazı olacaq.

Bundan əlavə daha çox universitetə ya da kursa başlamaq niyəti olanlar üçün və hal hazırda universitetdə və kursda təhsil alanlar üçün faydalı olabiləcək bəzi məsələlərlə bağlı yazı olacaq yaxın zamanda.